CƏMİYYƏT
Əsmər Qocayeva: Prezidentin könüllülərlə bağlı Sərəncamı biz gəncləri ikiqat sevindirir
Bakı, 26 fevral, Səadət Hakıyeva, AZƏRTAC
Əldə etdiyim uğurlara görə könüllülük hərəkatına çox borcluyam. Dövlətimiz tərəfindən gənclər üçün hərtərəfli şərait, imkanlar yaradılıb. Prezident İlham Əliyev gəncləri daim diqqətdə saxlayır. İslahatların, yeniliyin tərəfdarı olan dövlətimizin başçısı kadr siyasətində də Azərbaycan gəncliyinə böyük etimad göstərir. Prezidentin şəxsi təşəbbüsü olan “ASAN xidmət” layihəsi mənim həyatımda çox mühüm rol oynayıb. Əminəm ki, mənim kimi düşünən gənclərin sayı kifayət qədər çoxdur. Prezidentin Sərəncamı ilə bu ilin “Könüllülər ili” elan edilməsi biz gəncləri ikiqat sevindirir və daha səmərəli işləməyə vadar edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində vaxtilə könüllü olmuş Əsmər Qocayeva deyib.
Ə.Qocayeva Azərbaycan Texniki Universitetinin Radiotexnika fakültəsini bitirib. 2016-cı ildə “ASAN xidmət”də könüllü kimi fəaliyyətə başlayıb, bir müddət qrup rəhbəri kimi çalışıb. 2017-ci ildə universiteti bitirdikdən sonra “ASAN Kadr” proqramından yararlanıb. Bu layihə əsasında 16-26 yaş arasında olan hər bir Azərbaycan gənci “ASAN School” könüllülük məktəbinə müraciət edərək, “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətinə qoşula bilər. Müsahibimiz məhz bu layihə əsasında maraqlarına cavab verən işlə təmin olunub.
“Əvvəllər insanlarla ünsiyyət qurmaqda çox çətinlik çəkirdim. Könüllülük fəaliyyətindən sonra bu kompleksdən azad oldum, eləcə də özümə yeni dostlar qazandım. Bu müddətdə həm iş prinsipi, həm də vətəndaşlarla işləmək bacarığına yiyələndim. Bir sözlə, könüllü olduğum müddətdə çox şey öyrənmişəm. Könüllülük Vətənə, xalqa xidmət etmək, cəmiyyətə faydalı olmaq deməkdir”, - deyə Ə.Qocayeva vurğulayıb.
Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərin yanındadır və onlardan dəstəyini əsirgəmir. Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar.