ESTONİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov demişdir ki, ölkələrimiz arasında əlaqələr rəvan inkişaf edir. Hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qrupları bu işdə xüsusi rol oynayırlar.
Azərbaycan Estoniyanın NATO-ya və Avropa Birliyinə üzvlüyünü alqışlayır və müdafiə edir. Çünki Azərbaycan özü də bu yolu seçmişdir. Estoniya dünyada ikili standartlara qarşı çıxış etməklə, özünə böyük imic qazanmışdır. Bu günlərdə Avropa Şurasının baş katibi vəzifəsinə seçkilər keçiriləcək və Estoniya xarici işlər naziri bu vəzifəyə namizəddir. İnanırıq ki, avropalılar düzgün seçim edəcəklər. Səməd Seyidov Estoniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyini müdafiə etməsini yüksək qiymətləndirmiş və bu siyasətin dəyişməyəcəyinə əmin olduğunu bildirmişdir.
Sonra Milli Məclisdə Azərbaycan-Estoniya dostluq qrupunun rəhbəri Anar Məmmədxanov parlamentlərarası dostluq qruplarının fəaliyyətindən danışmışdır.
Nümayəndə heyətinin başçısı, Estoniya-Azərbaycan dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev demişdir ki, Estoniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu günlərdə Tallindən müxtəlif rəsmi dairələrin nümayəndələrinin Bakıya gəlmələri buna əyani sübutdur. Belə səfərlər əməkdaşlığımızın daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edir.
Estoniya Azərbaycanın Avropaya inteqrasiyasını alqışlayır və bu işdə ölkəmizə hər cür kömək göstərməyə hazırdır. Bundan əlavə, rəsmi Tallinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də dəyişməz qalacaqdır.
Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.