Estoniya millisinin futbolçusu: “Zirə” “Payde” ilə oyunda cüzi favoritdir
Bakı, 23 iyul, AZƏRTAC
"Zirə"ni bu cütün cüzi favoriti hesab edirəm. Çünki komanda son illərdə müntəzəm olaraq UEFA-nın klub turnirlərində iştirak edir və beynəlxalq arenada kifayət qədər təcrübə toplayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Estoniya millisinin futbolçusu Sergey Zenyov ölkəsinin “Payde” komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.
Vaxtilə “Qəbələ”də çıxış etmiş hücumçu Bakı klubunun Avropa yarışlarında uğurlu nəticələr qazandığını bildirib: “Məsələn, Slovakiyanın "Dunayska Ştreda" kimi komandasını mübarizədən kənarlaşdırması, həmçinin "Osiyek" və "Hayduk” (Split) kimi rəqiblərə qarşı sərgilədiyi oyunlar bunu deməyə əsas verir. Bununla yanaşı, "Paide"ni də zəif rəqib hesab etmirəm. Estoniya təmsilçisi son mövsümlərdə Avropa yarışlarında güclü komandalarla rəqabət apara biləcəyini sübut edib. İlk görüşün öz meydanlarında keçirilməsi onlar üçün əlavə üstünlük yarada bilər. Əgər ev oyununda sərfəli nəticə qazana bilsələr, cavab matçında növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparmaq üçün kifayət qədər real şansları olacaq”.
Qeyd edək ki, Pyarnu şəhərində yerləşən “Rannastadion”da keçiriləcək “Payde” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Müxbir – Cavid Əliyev