“Euractiv” saytında Ermənistandakı etiraz aksiyaları barədə xəbər yer alıb
Brüssel, 26 iyun AZƏRTAC
Avropanın ən tanınmış media portallarından olan “Euractiv” saytında Ermənistanda elektrik enerjisi qiymətlərinin artırılması ilə bağlı 6 gündən çox davam edən etiraz aksiyası barədə xəbər yer almışdır (http://www.euractiv.com/sections/europes-east/protests-armenia-against-electricity-prices-continue-sixth-day-315726). “Euractiv” tərəfindən verilən məlumatda 9 mindən çox nümayişçinin artıq 6 gündən bəri elektrik enerjisi qiymətlərinin artırılmasına və polis zorakılığına qarşı etiraz etdiyi bildirilir. “Ölkəmizin sahibi bizik” şüarı səsləndirən nümayişçilər prezident sarayı qarşısında toplaşaraq elektrik enerjisi qiymətləri endirilənə qədər Serj Sarkisyan hökumətinə təzyiq göstərməyə davam etmək niyyətindədirlər.
Xəbərdə xüsusi olaraq iki məqam qeyd olunur; birincisi, Rəsmi Vaşinqton, Brüssel və ATƏT artıq nümayişçilərə zor tətbiqi ilə bağlı narahatlıqlarını bildiriblər, ikincisi, yanvar ayında Ermənistan Rusiyanın təsiri altında Avrasiya İqtisadi Birliyinə qoşulub və beləliklə, İrəvanın öz keçmiş imperiya ağasından asılılığı daha da artıb.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan hazırda Avropa Xalqları Partiyasi Sammitində iştirak etmək məqsədilə Brüsseldə səfərdədir. Ölkə mediasında onun qaçması şəklində xəbərlər yer almaqdadır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel