Faysal Bin Muştaq: Azərbaycan bazarı da bizim üçün perspektivlər vəd edir
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanda belə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi biznes mühitinin əlverişli olduğunu göstərir. Burada iştirak edən şirkətlər tərəfdaşlar tapır, yeni birgə biznes layihələri hazırlayıb həyata keçirirlər ki, bu da faydalı olmaqla yanaşı iqtisadi inkişafa stimul verir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Velosi” şirkətinin meneceri Faysal Bin Muştaq deyib.
Onun sözlərinə görə, kompüter mühəndisliyi ilə məşğul olan şirkətin baş ofisi BƏƏ-nin Əbu-Dabi şəhərində yerləşir.
“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında çox yaxşı əlaqələr var. Azərbaycandakı biznes mühitinin səmərəliliyindən və xarici sərmayədarlar üçün yaradılan imkanlardan istifadə edib bura sərmayə yatırmaq istəyən şirkətlər çoxdur.
“Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) yüksək səviyyədə təşkil olunub. Burada biz bir sıra Azərbaycan şirkətləri ilə əlaqələr qurduq və yaxın zamanda birgə biznes layihələri hazırlayıb həyata keçirəcəyik. Biznes üçün yeni bazarlara çıxış əldə etmək olduqca mühüm məsələlərdən biridir. Azərbaycan bazarı da bizim üçün perspektivlər vəd edir. Burada fəaliyyət göstərən yerli şirkətlər kompüter mühəndisliyinə ehtiyac duyurlar, onlarla əməkdaşlıq gələcəkdə inkişaf və qarşılıqlı faydalı perspektivləri vəd edir”, - deyə Faysal Bin Muştaq əlavə edib.