Fazil Məmmədov: Azərbaycanın kiçik yaşlı stolüstü tennisçiləri beynəlxalq turnirdə parlaq nəticələr qazanıblar
Bakı, 3 may, L.Qurbanova, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir maraqlı mübarizə şəraitində keçib. Yarış 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında təşkil edilib. Turnirdə Azərbaycan da daxil olmaqla, ümumilikdə 6 ölkədən 70-dən çox stolüstü tennisçi mübarizə aparıb. Turnirin təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, eyni zamanda, ölkəmizdə bu idman növünün daha da inkişafına və kütləviliyinə nail olmaq, əməkdaşlıq etdiyimiz federasiyalarla əlaqələri daha da möhkəmləndirməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Bakıda yeniyetmələr arasında stolüstü tennis üzrə keçirilən beynəlxalq turnirin yekunlarını şərh edərkən deyib.
Ölkəmizdə stolüstü tennisin inkişafından danışan vitse-prezident qeyd edib ki, 2014-cü ildə Şahin Mustafayevin Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilməsindən sonra bu idman növünün ölkəmizdə daha da inkişafı və kütləviləşməsi istiqamətində bir çox işlər görülüb: “Ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edən stolüstü tennisçilərin yetişdirilməsi, yığma komandanın təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Federasiya məşqçilərlə müqavilə bağlayaraq, kiçik yaşlı stolüstü tennisçilərin hazırlığını xüsusilə diqqətdə saxlayır. Klub sisteminin inkişafı, mütəxəssislərin formalaşdırılması üçün görülən işlər davam edir”.
F.Məmmədov turnirdə stolüstü tennisçilərimizin yüksək nəticələr əldə etdiyini bildirib. Qeyd edib ki, stolüstü tennisin inkişafı istiqamətində görülən işlər bəhrə verir. Kiçik yaşlı stolüstü tennisçilər bu turnirdə parlaq nəticələr qazanıblar.