“Fənərbağça” klubu xeyriyyə oyununda “Şaxtyor”u məğlub edib
Bakı, 20 aprel, AZƏRTAC
İstanbulun “Fənərbağça” klubu Şükrü Saracoğlu stadionunda yoldaşlıq görüşü keçirib. Ukraynadakı vəziyyətlə bağlı ölkəyə dəstəyini nümayiş etdirən komanda Donetskin “Şaxtyor” klubu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmada 1 qol vurulub. Matçın 26-cı dəqiqəsində Enner Valensiya qonaqların qapısına yol tapıb. İkinci hissədə “Fənərbağça”nın heyətində çıxış edən gənc futbolçu Arda Güləri komandanın daha gənc üzvü İsak Vural əvəzləyib. Bununla da 15 yaşlı oyunçu “Fənərbağça”nın heyətində meydana çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Beləliklə, matç İstanbul klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bundan əvvəl İstanbulun digər klubu “Qalatasaray” da Ukraynaya dəstək məqsədi ilə Kiyevin “Dinamo” komandası ilə üz-üzə gəlmişdi. Qarşılaşma 2:0 hesabı ilə Ukrayna klubunun xeyrinə başa çatmışdı.