Fərhad Cabbarov: Bakının işğaldan azad edilməsi Cümhuriyyətin elan olunması qədər mühüm tarixi hadisədir
Bakı, 15 sentyabr, AZƏRTAC
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması qədər mühüm tarixi hadisədir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov deyib. O bildirib ki, gənc müstəqil dövlətimiz maneələrə baxmayaraq, Bakını azad etmək üçün bütün qüvvəsini səfərbər etdi. O dövrdə bolşeviklərdən ibarət Bakı Xalq Komissarları Soveti, daha sonra “Sentrokaspi Diktaturası” hökuməti və onlara qoşulmuş erməni daşnakları hər vəchlə Bakını əldə saxlamağa çalışır, milli hökuməti şəhərə buraxmamaq üçün Gəncə üzərinə hərbi yürüşə başlamışdılar. Beynəlxalq vəziyyət də əlverişli deyildi - Bolşevik Rusiyası, Böyük Britaniya, Almaniya Bakıda Cümhuriyyət hakimiyyətinin bərqərar olmasına mane olurdular. Belə bir mürəkkəb şəraitdə milli hökumət qətiyyət göstərərək, Bakını istənilən yad qüvvədən azad etmək yolundan dönməyəcəyini nümayiş etdirdi. Bu yolda Azərbaycanın yanında olan yeganə dövlət Osmanlı Türkiyəsi idi. Qafqaz İslam Ordusunun zabit və əsgərləri hərb meydanında misilsiz şücaət göstərərək cəbhəboyu əks-hücuma keçib düşmənləri darmadağın etdilər. Bakı qurtuldu və azad olundu.
“Sentyabrın 15-i Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha göstərdi. 102 il sonra bu qardaşlıq 44 günlük Vətən müharibəsi zamanı yenidən nümayiş etdirildi. Türkiyə Azərbaycanın haqq işinə siyasi-mənəvi dəstək verdi. Bu günlərdə biz hamımız Bakının qurtuluşu uğrunda vuruşmuş Qafqaz İslam Ordusunun qəhrəman zabit və əsgərlərini, şəhidlərini, Cümhuriyyət qurucularımızı minnətdarlıqla anırıq”,- deyə F.Cabbarov bildirib.