FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti avtonəqliyyat vasitələrinin sahiblərinə müraciəti edib
Bakı, 23 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti avtonəqliyyat vasitələri sahiblərinə müraciət edib.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, müraciətdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dekabrın 14-dən ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunmasının avtomobillərdən istifadəni kəskin azaltdığı və avtonəqliyyat vasitələrinin əsasən yaşayış binalarının həyətyanı sahələrində park edildiyi qeyd olunub. Bildirilib ki, bir sıra hallarda binaların həyətlərinə girişlərdə, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında pərakəndə şəkildə park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. Son zamanlar baş verən yanğınların təhlili bu istiqamətdə zəruri tədbirlərin görülməsini tələb edir.
Bütün bunların nəzərə alınaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park etmələri xahiş olunur.