FHN-in Gəncədəki struktur bölmələrinin əməkdaşları üçün kurs keçirilib




Bakı, 14 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Nazirliyin Gəncə Regional Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı idarəetmənin və koordinasiyanın təşkili” mövzusunda kurs keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun keçirilməsində əsas məqsəd qurumun Gəncə şəhərində yerləşən struktur bölmələrinin və Gəncə Regional Mərkəzinin əməliyyatların planlaşdırılması və qərargahların idarə olunmasında iştirak edən əməkdaşlarının beynəlxalq humanitar əməliyyatlarda effektiv idarəetmənin və koordinasiyanın təşkilində bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Təşkil olunan 3 günlük kursda beynəlxalq humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın vacibliyi vurğulanıb, “Beynəlxalq Axtarış-Xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında tərtib olunan sənədlər, həmçinin humanitar əməliyyatlar zamanı “GPS” sistemlərinin tətbiqi, “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlarda medianın rolu kurs iştirakçılarının diqqətinə çatdırılıb. Bundan başqa, kurs iştirakçılarına zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC)” və “Qəbuletmə-yolasalma Məntəqəsinin (RDC)” iş prinsipləri izahlı şəkildə nümayiş etdirilib. Həmçinin iştirakçılar humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın həyata keçirilməsində istifadə edilən müasir peyk rabitə vasitələrinin imkanları ilə həm nəzəri, həm də praktik şəkildə yaxından tanış olublar.
Kursun yekununda FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin hazırlıq və sinifləndirmə dövrünü əks etdirən videoçarx nümayiş olunub.