FHN: Ötən sutka 15 yanğın hadisəsi üzrə xilasetmə əməliyyatı həyata keçirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beş nəfər, o cümlədən Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində “VAZ-2107” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib. Yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.