MƏDƏNİYYƏT
Filarmoniyada növbəti konsert - “Yeni adlar”
Bakı, 14 iyun, Emil Məlikov, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar - respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Zərrin Əliyeva (violin) və Nərminə İsmayılova (piano) çıxış ediblər.
Solistlər dinləyicilərə Sergey Rahmaninovun Piano və orkestr üçün 2 saylı Konsertini (c-moll, op.18) və Jean Sibeliusun Violin və orkestr üçün Konsertini (d-moll, op.47) təqdim ediblər.
Qeyd edək ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.