Fındıqda aflatoksin miqdarının azaldılması sahəsində ardıcıl tədbirlər görülür
Bakı, 24 mart, AZƏRTAC
Son illər bitkiçilik məhsulları sahəsində fındıqçılıq təsərrüfatı ixrac potensialının genişlənməsinə öz müsbət təsirini göstərib. Belə ki, Azərbaycan fındıq ixracına görə dünyada üçüncü yeri tutur və ölkəmizdə yetişdirilən fındıq sortları öz keyfiyyəti ilə xarici bazarlarda yüksək qiymətləndirilir. Fındıq ixracının daha da genişlənməsi və yarana biləcək problemlərin əvvəlcədən qarşısının alınması sahəsndə 2019-2020-ci illərdə Qida Təhlükəsizliyi İnstitutu Şəki-Zaqatala bölgəsində monitorinqlər aparıb. İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan fındıq məhsullarının tərkibində aflatoksinin miqdarının yüksək olması ilə bağlı risklərin idarə edilməsinə dair” tədbirlər planına uyğun olaraq elmi-tədqiqat işləri aparılıb və fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, onun yığımı, daşınması, qurudulması, saxlanılması və ixracı, habelə, aflatoksinin quruluşu, yaranma səbəbləri, qida məhsullarında miqdarı, əmələ gəlməsinin qarşısının alınması yolları, insan və heyvan sağlamlığına təsiri ilə bağlı müxtəlif araşdırmaların nəticələri təhlil edilib.
Aparılan təhlillərin nəticəsi göstərir ki, nəm və çürük fındıqlarda aflatoksinin miqdarının yüksək olmasının basşlıca səbəbi məhsulun fermerlər tərəfindən yığımdan sonra dərhal qurudulmaması və polietilen kisələrdə saxlanılmasıdır. Sahibkarların diqqətinə çatdırılıb ki, kif göbələyinin formalaşması bağdan başlayır, erkən məhsul yığımı və ya uyğunsuz qurudulma nəticəsində aflatoksin inkişaf edir, saxlanılma və daşınma müddətində isə yoluxma daha da artır. Kif göbələkləri qidalarda mikrobiloji çirklənmələrə, qida çürümələri və ya qida zəhərlənmələrinə səbəb olur. Qidanın tərkibi, qida pH-ı, su aktivliyi, təbii mikroflora, ətraf mühitin kimyəvi və fiziki xüsusiyyətləri, saxlanılma temperaturu və anbarların nəmliyi mikroorqanizmlərin inkişafına təsir edən vacib amillər sırasına daxildir.
Qeyd edək ki, 2017-2018-ci illər ərzində Avropanın müxtəlif ölkələrinə Azərbaycandan ixrac olunan fındıq məhsulları ilə əlaqədar 36, 2019-cu ildə 10 geri qaytarılma halı qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Avropa Birliyinə ixrac olunan fındıq məhsullarına dair cəmi 1 geri qaytarılma halı qeydə alınıb.