Finlandiya şirkətinin nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunda olub
Bakı, 4 aprel, AZƏRTAC
Finlandiyanın “Orion Pharma” şirkətinin regional direktoru Marius Narkevicius, regional satış direktoru Mixayil Romanov və Azərbaycanla Gürcüstan üzrə menecer Rumiyə Kərimova Qida Təhlükəsizliyi İnstitutunda olublar.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı onlara institutun fəaliyyəti, eyni zamanda ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Görüş zamanı ölkəmizdə istifadə olunan baytarlıq preparatları, eləcə də yem və yem əlavələrinin dövlət qeydiyyatına alınması proseduru, ekspertizası, ekspertiza müddətləri və ekspertiza üzrə tələb olunan sənədlər barədə məlumatlar diqqətə çatdırılıb. Finlandiya şirkətinin nümayəndələri heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində aparılan tədbirlər barədə məlumatlandırılıblar. Həmin məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdən sonra iş prinsipini öyrənmək məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirilib. Şirkət nümayəndələri laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması, cihaz və avadanlıqların iş prosesini izləyiblər. Onlar bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.