Finlandiyada Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi məsələsi müzakirə edilib
Helsinki, 5 dekabr, Nigar Cəfərli, AZƏRTAC
Finlandiya Xarici İşlər Nazirliyində bu ölkənin Azərbaycana yeni təyin edilmiş səfiri Krister Mikelsson Finlandiyada fəaliyyət göstərən “Dostluq” Azərbaycan cəmiyyətinin sədri Təranə Nəzərova ilə görüşüb.
Tanışlıq xarakteri daşıyan görüşdə T.Nəzərova “Dostluq” cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, 10 il bundan əvvəl yaradılmış “Dostluq” cəmiyyəti bu müddətdə Finlandiyada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasında mühüm rol oynayıb.
“Dostluq” cəmiyyətinin sədri Azərbaycan diasporunun üzvlərinin fəallığını, onların Finlandiyanın ictimai və mədəni həyatında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, “Dostluq” cəmiyyəti Azərbaycanın Norveçdə, İsveçdə və Finlandiyada səfiri Adış Məmmədovun timsalında bu səfirliklə sıx əməkdaşlıq edir, müvafiq layihələr həyata keçirir.
Təranə Nəzərova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə məlumat verərək problemin tezliklə tənzimlənəcəyinə ümid etdiyini bildirib. Vurğulanıb ki, müdrik dövlət xadimi və uzaqgörən siyasətçi İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə çox böyük işlər görüb və Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Finlandiyanın Azərbaycana yeni təyin edilmiş səfiri Krister Mikelsson ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnun olduğunu bildirərək, qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb. Azərbaycanın intensiv inkişaf etdiyini söyləyən səfir müsahibini əmin edib ki, onun diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq daha intensiv xarakter kəsb edəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki