Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb
Bakı, 21 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Sumqayıt şəhərinin 1-ci mikrorayon, Sülh küçəsində və 76-cı məhəllə ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkarlanıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.