Fövqəladə Hallar Nazirliyində WUF13 ilə əlaqədar dəyirmi masa VİDEO
Bakı, 14 may, AZƏRTAC
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin və müvafiq tabeli qurumlarının, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "AzərEnerji" ASC və "Azərişıq" ASC, "Azəriqaz" İB, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və WUF13 Təşkilat Komitəsinin rəsmiləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd şəhərsalma fəaliyyəti zamanı vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə dair müzakirələrin aparılması və bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsindən ibarət olub.
Dəyirmi masada çıxış edənlər WUF13-ə hazırlıqla əlaqədar aidiyyəti üzrə görülən işlər barədə ətraflı məlumat verib, şəhərsalma fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, həmin prosesin vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasındakı rolundan bəhs ediblər. Natiqlər, həmçinin hazırlıq ərəfəsində maarifləndirmə xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işlərdən danışıblar.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.