Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-praktik görüş keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kokşetau Texniki İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda videokonfrans rejimində görüş keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nazirliyin akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, akademiya həm ölkədə, həm də bütövlükdə bölgədə fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yüksək ixtisaslı kadrlar hazırlayan yeganə xüsusi ixtisaslı ali təhsil müəssisəsidir. Akademiya Azərbaycanda fəaliyyət göstərən xüsusi təyinatlı ali təhsil müəssisələri arasında təhsilin məzmununun Bolonya prosesinin prinsiplərinə, tədris prosesinin isə Avropa Kredit Köçürmə Sisteminin tələblərinə uyğun təşkil edilən ilk təhsil ocağıdır. Akademiyanın rəisi deyib ki, beynəlxalq əlaqələrin genişləndirilməsinə, fövqəladə halların idarə edilməsi üzrə yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsinə xüsusi diqqət ayrılır.
Kokşetau Texniki İnstitutunun rəisi, polkovnik, texnika elmləri doktoru Sırım Şaripxanov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə keçirilən görüşdə müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətindən bəhs edib.
Görüşdə FHN Akademiyasının elmi-tədqiqat şöbəsinin müdiri, texnika elmləri doktoru, professor Aydın Qafarov, həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının rəisi, polkovnik, texnika, üzrə elmlər doktoru, dosent İlqar Dadaşov, Təbiət və fundamental kafedranın müdiri, texnika elmlər namizədi Famil Məmmədov, həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin rəisi, polkovnik Elçin Mahmudov, tədris şöbəsinin rəisi, polkovnik Ramiz Əsilbəyli çıxış ediblər.
Akademiya rəisinin müavinləri polkovnik Aslan Hüseynov, polkovnik İlham Babaşov və digər əməkdaşlar onlayn görüşdə iştirak ediblər.
Sonda görüşün yekunları ilə bağlı müzakirələr aparılıb, görüşlərin bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.