“FRANSA – 5” KANALINDA AZƏRBAYCAN NEFTİ BARƏDƏ VERİLİŞ
Oktyabrın 29-da “Fransa-5” telekanalının “Nəzər” rubrikasında Azərbaycan nefti barədə yarım saatlıq sənədli film nümayiş etdirilmişdir.
Filmin əvvəlində ölkəmizdə aparılan demokratik islahatlar, hüquqi dövlət qurulması ön plana çəkilmiş, keçmiş SSRİ respublikaları arasında Azərbaycanın iqtisadi göstəricilərinin yüksək olmasından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən, son illərdə respublikanın paytaxtı Bakıda gedən tikinti və abadlıq işlərindən söhbət açılmışdır.
Sonra Azərbaycanda neft sənayesinin tarixinə dair kadrlar göstərilmiş, XX əsrin əvvəlində dünyada neftin yarıdan çoxunun burada çıxarıldığı, İkinci dünya müharibəsində faşizm üzərində qələbənin təmin olunmasında Bakı neftinin xüsusi rol oynadığı, 1948-ci ildə Xəzər dənizində Neft daşları şəhərciyinin salınmasının keçmiş SSRİ məkanında bir möcüzə olduğu vurğulanmışdır. Xəzərin dərin qatlarından “qara qızıl” çıxaran qəhrəman neftçilərimizin fədakarlığı barədə fransız tamaşaçılarına maraqlı kadrlar təqdim olunmuşdur. Filmdə əfsanəvi Neft daşlarında çalışan neftçilərlə qısa müsahibələr də verilmişdir.
Dənizdə aparılan kəşfiyyat-qazma işlərinə, xarici neft şirkətlərinin, o cümlədən Fransa şirkətlərinin yeni yataqlarının işlənilməsində iştirakına filmdə geniş yer ayrılmış, neftin dünya bazarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əhəmiyyəti vurğulanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris