Fransa Azərbaycan üçün ikitərəfli münasibətlərdə hörmət və etibarını itirib - ŞƏRH
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan dünyada ikili standartların, ədalətsizliyin, beynəlxalq hüquqda qərəzli yanaşmaların təsirlərinə qarşı 30 ildən çoxdur ki, inadla mübarizə aparır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan ədalətsiz yanaşmalara, ikili standartlara baxmayaraq, ABŞ və Avropanın bəzi ölkələrinə, xüsusilə də ermənipərəst mövqeyə malik Fransa ilə münasibətlərdə humanizm prinsiplərinə üstünlük verib, özünün müdrik və təmkinli siyasəti ilə ikitərəfli münasibətlərin korlanmamasına çalışıb.
“Azərbaycan 2020-ci ildə qazandığı tarixi Qələbədən sonra Parisin açıq riyakarlığı ilə daha çox üzləşdi, ölkəmiz əleyhinə əsassız qətnamə qəbul olundu. Azərbaycan Milli Məclisi Fransanın bu haqsızlığına adekvat cavab verdi. Ancaq ölkəmiz yenə də öz xoş niyyətini nümayiş etdirdi, Fransa ilə siyasi-iqtisadi əlaqələrin kəsilməsini istəmədi. Ancaq Paris son aylarda bütün siyasi əxlaq normalarını aşdığı və Azərbaycana qarşı bütün hüquq normalarını tapdaladığı üçün Milli Məclis daha sərt bəyanat qəbul etməyə məcbur oldu”, - deyə A.Hüseynov diqqətə çatdırıb.
Deputat qeyd edib ki, artıq Fransa Azərbaycan üçün ikitərəfli münasibətlərdə məqbul hesab ediləcək ölkə kimi hörmət və etibarını itirib, xüsusilə də Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa yaxın olduğu bir şəraitdə Parisin bu proseslərdə iştirakı qətiyyən arzuolunan deyil. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa faktiki olaraq müstəqil Azərbaycan dövlətinin maraqları əleyhinə fəaliyyət göstərir, anti-Azərbaycan siyasəti yürüdür.
“Azərbaycan Milli Məclisi Fransa hökumətinin, eləcə də Fransa Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımlarına qarşı lazımi sərt bəyanat qəbul etməyə məcbur oldu. Sənədin detalları ictimaiyyətə məlumdur. Onu deyə bilərəm ki, bəyanatda da vurğulandığı kimi, Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, ölkəmizin Fransaya qarşı sanksiyalar tətbiq edilməsi, Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması, bütün iqtisadi əlaqələrin dayandırılması, Fransa şirkətlərinin Azərbaycandan çıxarılması və digər addımlar vaxtında atılmış addımdır və bundan itirən Paris olacaq”, - deyə deputat vurğulayıb.
“Azərbaycan ilə Fransa arasında ticarət dövriyyəsində idxal 380 milyon dollar, ixrac isə bundan 1,6 dəfə az təşkil edır. Rəqəmlərdən də göründüyü kimi, iqtisadi əlaqələrin dondurulduğu təqdirdə itirən tərəf Fransadır. Fransadan idxal etdiyimiz malların digər Avropa ölkələrdən idxal etmək imkanlarımız daha genişdir”, - Aydın Hüseynov diqqətə çatdırıb.