Fransa iqtisadiyyatı: OFCE 2026-2027-ci illər üçün narahatedici mənzərə açıqlayıb
Paris, 8 sentyabr, AZƏRTAC
Fransa iqtisadiyyatının vəziyyəti ilə bağlı qiymətləndirmələr narahatlıq doğurur. Fransa İqtisadi İnkişaf Observatoriyasının (OFCE) eksperti Erik Heyer “La Dépêche” qəzetinə müsahibəsində iqtisadi göstəricilərin bir sıra sahələrdə pisləşdiyini bildirərək, “bütün göstəricilər qırmızı siqnaldadır” deyib.
AZƏRTAC xəbər verir ki, 2026-cı ilin birinci rübündə Fransanın ÜDM-i 0,2 faiz azalıb. Şirkətlərin investisiyaları artan xərclər, yüksək faiz dərəcələri və iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənlik səbəbindən zəifləyir. Statistika və İqtisadi Araşdırmalar Milli İnstitutunun (INSEE) proqnozuna görə, əhalinin alıcılıq qabiliyyəti bu il 0,3 faiz azalacaq. Məşğulluğun da aşağı düşdüyü, dövlət büdcəsi kəsirinin isə bir qədər artdığı bildirilir.
Heyer xüsusilə kənd təsərrüfatı və tikinti sektorlarında fəaliyyətin kəskin azalmasına diqqət çəkib. Kənd təsərrüfatı istehsalı ilin ilk yarısında 7 faiz geriləyib və ilin sonunda azalmanın 12 faizə çatacağı gözlənilir. Tikinti istehsalı isə iyun ayında 8,5 faiz azalıb.
OFCE-nin proqnozuna əsasən, neft və qaz qiymətləri hazırkı səviyyədə qalarsa, inflyasiya 2026-cı ildə 2,1 faiz, 2027-ci ildə isə 2 faiz olacaq. Geosiyasi böhran olmasaydı, göstəricinin daha 0,8 faiz bəndi aşağı ola biləcəyi bildirilir.
OFCE Fransada iqtisadi artımın yaxın dövrdə zəif qalacağını proqnozlaşdırır. Rüblük artımın 0,1–0,2 faiz səviyyəsində olacağı gözlənilir. Ekspertin fikrincə, ölkə tənəzzüldən yayınsa da, iqtisadiyyatı potensial artım səviyyəsinə çata bilməyəcək.
Büdcə siyasətinin sərtləşdirilməsinin artımı 0,3 faiz bəndi zəiflədəcəyi, geosiyasi və ticarət qeyri-müəyyənliklərinin isə əlavə təsir göstərəcəyi bildirilir. İqlimlə bağlı amillərin də ÜDM-ə mənfi təsir etdiyi qeyd olunur.
Eyni zamanda, işsizliyin artmaqda davam edəcəyi gözlənilir. İqtisadi artımın əmək məhsuldarlığındakı illik 1,2–1,3 faizlik artımdan aşağı qalması nəticəsində məşğulluğun təxminən 0,8 faiz azalacağı proqnozlaşdırılır.