FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB NİKOLA SARKOZİYƏ
Hörmətli cənab Prezident,
Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Fransa münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında daim genişlənən dostluq əlaqələri, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamikasının və məzmununun bariz göstəricilərindəndir.
Biz Fransanın Azərbaycana maraq və diqqətindən, ölkəmizin qarşısında duran məsələlərin həllinə öz töhfəsini vermək istəyindən məmnunluq duyuruq. Bu qəbildən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi prosesinə Fransanın İttifaqa sədrliyi dövründə xüsusi dəstək vermək niyyətində olması bizim üçün çox əhəmiyyətlidir.
Ən başlıcası isə, biz ölkəmizə qarşı təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz fəallığını və əzmkarlığını daha da artıracağına böyük ümidlər bəsləyirik.
Cənab Prezident, bu əlamətdar bayram münasibətilə bir daha Sizə öz təbriklərimizi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 iyul 2008-ci il.