Fransa Senatının hesabatı xəbərdarlıq edir: Hərbi büdcənin 2 faizdən azı dronlara ayrılır
Paris, 15 iyul, AZƏRTAC
Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komissiyası tərəfindən yekdilliklə qəbul edilən hesabat ölkənin pilotsuz uçuş aparatları sahəsində geri qaldığını göstərir. Hesabat müəllifləri hesab edirlər ki, hərbi büdcənin 2 faizdən az hissəsinin dron texnologiyalarına ayrılması müasir döyüş meydanlarının tələbləri qarşısında kifayət etmir və investisiyaların sürətlə artırılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, senatorlar Fransanın texnoloji transformasiyanı sürətləndirməli, robotlaşdırmanı isə silahlı qüvvələrin əsas dayaqlarından birinə çevirməli olduğunu deyirlər. Onların fikrincə, ölkə hazırda robotlar müharibəsinə hazır deyil.
Hesabatda qeyd olunur ki, Ukrayna cəbhədə gündə 15 minədək drondan istifadə etdiyi halda, Fransa ordusunun cəmi bir neçə min pilotsuz uçuş aparatına malikdir. Senatorların qənaətinə görə, bu say taktiki dronlar, uzaqmənzilli zərbə sistemləri, uzaqdan idarə olunan sursatlar və antidron vasitələri baxımından kifayət qədər əməliyyat potensialı yaratmır.
Sənəddə vurğulanır ki, pilotsuz sistemlər sahəsində texnoloji yarış sürətlə davam edir. Yeni texnologiyanın meydana çıxması ilə rəqibin ona qarşı effektiv müdafiə üsulu hazırlaması arasında orta müddət cəmi altı həftə təşkil edir ki, bu da silahlanma proqramlarının daha çevik həyata keçirilməsini zəruri edir.
Senatorlar, həmçinin Fransanın antidron imkanlarının da məhdud olduğunu bildirirlər. Hesabata görə, 2024-cü ilin sonuna ordunun arsenalında 31 antidron sistemi, 150 radioelektron maneə yaradan tüfəng, üç dəniz antidron sistemi və səkkiz SAMP/T orta mənzilli hava hücumundan müdafiə sistemi mövcud idi. Müəlliflər hesab edirlər ki, bu göstəricilər müasir təhlükələrə cavab vermək üçün kifayət deyil.
Hesabatda süni intellektin müdafiə sistemlərinə inteqrasiyasının sürətləndirilməsi də tövsiyə olunur. Senatorların fikrincə, bu texnologiyalar radioelektron maneələrə qarşı davamlılığı artırır və hədəflərin müəyyənləşdirilməsini asanlaşdırır.