FRANSADA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ GENİŞ QEYD OLUNACAQDIR
Paris, 17 fevral (AZƏRTAC). XX əsrin görünməmiş faciəsi - Xocalı soyqırımının 18-ci ildönümü Fransada geniş qeyd olunacaqdır.
Fevralın 25-də Azərbaycanın Fransadakı səfirliyinin ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi ilə birlikdə xalqımızın qan yaddaşına çevrilmiş Xocalı faciəsi ilə əlaqədar keçirəcəyi tədbirdə İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaqdır.
Fransa ictimaiyyəti nümayəndələrinin, Azərbaycan diasporu üzvlərinin, burada təhsil alan tələbələrimizin və digər qonaqların iştirak edəcəyi mərasimdə Xocalı soyqırımından bəhs edən qəzetlərin materiallarından və fotolardan ibarət sərgi təşkil olunacaqdır.
Tədbirdə imzalanması nəzərdə tutulan xüsusi müraciət müxtəlif ölkələrin parlamentlərinə, ictimai təşkilatlara və KİV-lərə göndəriləcəkdir.
Fevralın 26-da Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan diasporu, yerli və xarici təşkilatların, eləcə də diplomatik korpus nümayəndələrinin iştirakı ilə Avropa Parlamentlər Assosiasiyasının binasında Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçiriləcək, insanlıq tarixində ən dəhşətli cinayətlərdən olan faciənin əsl mahiyyəti, ermənilərin xalqımıza qarşı törətdiyi terror aktları barədə məlumat veriləcəkdir.
Soyqırımı ilə bağlı məlumatların yerli kütləvi informasiya vasitələrində dərc olunması və yayımlanması, Strasburq Universitetində Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsinə dair təqdim edilmiş materiallar əsasında sərginin və “dəyirmi masa”nın təşkil edilməsi nəzərdə tutulmuşdur.
Daimi nümayəndəlik faciə haqqında məlumatları Avropa Şurasının katibliyinə, üzv ölkələrin daimi nümayəndəliklərinə, eləcə də Strasburqda fəaliyyət göstərən konsulluqlara göndərəcəkdir.
Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə fevralın 21-də yerli radioda fransız dilində Xosalı faciəsinə həsr olunmuş iki saatlıq veriliş səsləndiriləcəkdir.
Fevralın 25-də faciə ilə bağlı konfrans keçiriləcəkdir. “Azərbaycan evi”, Azərbaycanla Mədəni Əlaqələr və Azərbaycan Kültür cəmiyyətləri, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası fevralın 27-də Strasburqun Kleber meydanında mitinq təşkil edəcəklər.
Fransada fəaliyyət göstərən Azərbaycan-Fransa Gənclik Assosiasiyası “İrəli” gənclər təşkilatının dəstəyi sayəsində Xocalı soyqırımı ilə bağlı Parisdə yürüş-nümayiş keçirəcəkdir. Bir qrup tələbə isə Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyi nəzərdə tutmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris