Fransalı ekspert siyasətçiləri irqçilik ideologiyasından əl çəkməyə çağırıb
Bakı, 3 aprel, AZƏRTAC
Fransa Ədalət və Azadlıqlar Komitəsinin (CJL) rəhbəri olan siyasi analitik və insan haqları müdafiəçisi Yaser Luati Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib ki, fransız hökuməti qəddarlıqla müşayiət olunan irqçilik ideologiyasından əl çəkməlidir. O qeyd edib ki, demokratik dəyərlərdən danışan fransız siyasətçilər insan hüquqlarının müdafiəsi sahəsində konkret addımlar atmalıdırlar.
AZƏRTAC xəbər verir ki, xarici KİV-lərdə Fransanın Renn şəhərinin yoxsullar məhəlləsində 27 yaşlı seneqallı Babacar Gueyenin 2015-ci il dekabrın 2-də gecə saatlarında polislər tərəfindən qətlə yetirilməsindən sonra baş verən kütləvi etirazlardan sonra irqçi polisin fəaliyyətində müsbət dəyişikliklər olmayıb. Bu ölkənin “qanun keşikçiləri” irqçilik zəminində vəhşi cinayətlərini davam etdirirlər.
Bu qanlı əməlləri qınayan ekspert bildirir ki, fransız polisi indi də mülki əhalini qorumaq və demokratiya dəyərlərinə hörmət etmək yerinə nizam-intizamın təmini pərdəsi altında dinc nümayişçiləri cəzalandırmaq kursunu davam etdirir. Onun sözlərinə görə, müsəlman, ərəb və qaradərili azlıqlar vəhşicəsinə həbs olunur və çox vaxt ya küçələrdə, ya da polis bölmələrində polis tərəfindən öldürülür. Bununla belə, uzun müddət vəhşilik, irqçilik və polis sıralarında ifrat sağ təmayüllü ideologiyanın nə qədər üstünlük təşkil etdiyini göstərən çoxsaylı araşdırmalara baxmayaraq, hökumət polisin geniş əhali ilə münasibətini yenidən nəzərdən keçirmək üçün hərəkətə keçməyə hazır görünmür. "Əslində, biz hər şeyin ən pisə doğru inkişaf etdiyini görürük, daha az şəffaflıq, daha az hesabatlılıq və polisə çox az və ya heç bir nəzarət olmadan böyük səlahiyyət verilir", -deyə ekspert vurğulayıb. O əlavə edib ki, hər dəfə bir müsəlmanın yolu Fransa polisi ilə kəsişəndə, onun həyatının təhlükədə olması ehtimalı yaranır.
Fransa ombudsmanın hesabatına görə, qaradərililərin və ərəblərin polis tərəfindən irqi zəmində təqibə məruz qalma ehtimalı 20 dəfə çoxdur. Müstəqil media orqanı “Basta” tərəfindən aparılan araşdırmada qeyd olunub ki, Fransada 1977-2020-ci illər arasında polis tərəfindən 746 nəfərin öldürülüb, onlardan 61-i qadın, 82-si 18 yaşından kiçik uşaqdır. Güllələnərək öldürülən 444 nəfərdən 253-ü silahsız olub.
Y.Luati bildirib ki, ABŞ-da qaradərili Corc Floyd polis tərəfindən qətlə yetiriləndə fransız siyasətçilər, jurnalistlər hay-küy salmışdılar. Halbuki onlar Fransa polisinin irqçi cinayətlərinə göz yumurlar. “Biz Fransa hökumətinin üzvlərinin polis zorakılığı qurbanlarının ailələrinin məhkəmə iddiasına dəstək verdiklərinin şahidi olmadıq. Çünki polisə dəstək vermək, onu sorğu-suala tutmamaq siyasi baxımdan daha sərfəlidir və əsl riyakarlıq da bundan ibarətdir”, - deyə o əlavə edib.
Ekspert sonda qeyd edib ki, son etiraz nümayişləri zamanı polis tərəfindən dinc insanlara qəddarcasına divan tutulması Fransa siyasətçilərinin əsl mahiyyətini bir daha üzə çıxardı. Bu ölkənin digər dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması barədə bəyanatlar verməsi təəccüb doğurur.