SİYASƏT
Fransanın imperialist çıxışlarının istifadə müddəti artıq bitib – RƏY
![Fransanın imperialist çıxışlarının istifadə müddəti artıq bitib – RƏY](/files/2023/3/1200x630/16972036983168650926_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Fransanın dünya ağalığı iddiaları heç vaxt sərhəd tanımayıb. Bunun nəticəsidir ki, o, tarixin müxtəlif mərhələlərində “qüdrətli imperiya” xəyallarını reallaşdırmaq uğrunda qanlı və ədalətsiz müharibələr aparıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi politoloq Aytən Qurbanova söyləyib.
Politoloqun sözlərinə görə, əsrlər boyu davam edən fransız müstəmləkəçiliyi dövründə Hind-Çini, Karib hövzəsini, Qərbi Afrikanı və bir çox başqa əraziləri işğal edən Fransa Afrikada insanlıq tarixinin ən qəddar hadisələrini törədib.
“Belə olan halda, bu gün dünyaya demokratiya və insan hüquqları ilə bağlı “dərs” keçməyə çalışan Fransanın buna hüquqi və ya mənəvi haqqı varmı? Əlcəzairdə, Ruandada, Malidə, Seneqalda, Burkina-Fasoda və işğal etdiyi bütün digər bölgələrdə milyonlarla insanı dini və etnik zəmində ayrı-seçkiliyə, nifrətə əsaslanaraq qətlə yetirən, həyata keçirtdiyi soyqırımı cinayətlərinə görə hələ də beynəlxalq hüququn tələblərinə uyğun şəkildə cavab verməyən bir dövlətə bu haqqı kim verib? Bəlkə də məhz bu cəzasızlığa görədir ki, Fransa öz müstəqilliklərini elan etmiş həmin ərazilər üzərində XXI əsrdə yeni müstəmləkəçilik siyasəti həyata keçirtməyə çalışır”, - deyə A.Qurbanova diqqətə çatdırıb.
Politoloq bildirib ki, “terrorla mübarizə” adı altında Malidə, Qabonda, Seneqalda, Kot-d’İvuarda və Burkino-Fasoda uzun illərdir hərbi baza saxlanılması və ya Fransa Mərkəzi Bankının tədavülə buraxdığı İsveçrə frankının (CFA franc) “fransız Afrikası”nda əsas valyuta hesab olunması məhz ənənəvi müstəmləkəçiliyin davamı və ya yeni müstəmləkəçilik siyasətinin birbaşa təzahürüdür. Bu gün belə həmin ölkələrdə fransız dili əsas dövlət dillərindən biridir. Ona görə də bu xalqların təbii sərvətlərini istismar edən, suveren hüquqlarını pozan, milli dəyərlərini yox etməyə çalışan, XXI əsrdə hüquq və bərabərliklərin qlobal şüara çevrildiyi bir dövrdə keçmiş müstəmləkələrdən olan insanları irqi və dini zəmində ayrı-seçkiliyə məruz qoyan Fransanın bugünkü qərəzli çıxışları və imperialist ritorikası heç də təəccüb doğurmur.
“Sadəcə, Fransanın unutduğu bir məqam var ki, onun bu imperialist çıxışlarının istifadə müddəti artıq bitib. Nəinki Cənubi Qafqazda, dünyanın heç bir nöqtəsində Fransaya və onun “güc göstərisi”nə artıq yer yoxdur”, - deyə A.Qurbanova fikirlərini yekunlaşdırıb.