Futbol İspaniya iqtisadiyyatının lokomotividir
Madrid, 6 mart, AZƏRTAC
Təqribən 15 688 milyon dollar iqtisadi təsir gücü ilə İspaniya ümumi daxili məhsulunun 1,37 faizinə bərabər iqtisadi potensial əldə edən peşəkar futbol ölkənin digər sahələrinin lokomotivdir, mövsüm ərzində bu sahələrə 4 milyard avro gəlir qazandırır.
AZƏRTAC xəbər verir ki, “Price Waterhouse Coopers” (PWC) məsləhət şirkətinin İspaniyada peşəkar futbolun iqtisadi, maliyyə və sosial təsiri haqqında hesabatına görə, “LaLiga”nın gəliri son dörd ildə iki dəfə artıb.
Ekspertlərin fikrincə, “LaLiga”nın iqtisadiyyatın başqa sahələrini çəkib aparmaq bacarığı 2016-2017-ci illər mövsümündə 3,998 milyon avroya bərabər olub.
Peşəkar futboldan böyük gəlir götürən sahələr arasında mehmanxana biznesi, ictimai iaşə, nəqliyyat, yaşama, kütləvi informasiya vasitələri, videooyunlar, pullu televiziya və idman mərcləri kimi sektorlar sadalanır.
Ümumilikdə matçların keçirildiyi yerlərdə təqribən 1 milyard 72 milyon avro gəlir götürülüb və təqribən 16 336 iş yeri yaradılıb, həmçinin fanatların ölkədəki turizm obyektlərinə getməsi ilə əlaqədar təqribən 100 milyon avro gəlir götürülüb və 1585 iş yeri yaradılıb.
Digər nümunə pullu televiziyadır. Son illər İspaniyada bu sahə konvergent təkliflərlə, yəni telefon müqavilələri, yüksək sürətlə internetə qoşulma və televiziya xidmətlərini genişləndirən telekommunikasiya sahəsi ilə sıx bağlıdır.
Futbol KİV-lər üçün fundamental maraq sahəsidir, çünki auditoriyanın 64, 6 faizi idman xəbərlərini oxuyur. Hesablamalara görə, bu kontent mətbuata 55,5 milyon avro, televiziyaya 109 milyon avro, radioya 82 milyon avro, rəqəmsal portallara 214 milyon avro, ümumilikdə bütün sektora təqribən 516 milyon avro gəlir gətirir, 2900 iş yerini təmin edir.
Nəhayət, videooyunlar sektoru. İspaniyada bu sektorda ən çox satılan idman növü məhz futboldur. Sektor futbolla bağlı videooyunlardan 217 milyon avro gəlir götürüb və 5700 iş yeri yaradıb. Ekspertlərin fikrincə, futbol biznesi inkişaf etdikcə, istehlakçı vərdişləri də artacaq. Yaxın dörd ildə yeni sektorlar əmələ gələcək. Onlar arasında elektron idman yarışlarını (kiberidman), sosial şəbəkələri, yaxud videooyunlar sektorunun əsaslı inkişafını sadalayırlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid