Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
Paris, 18 iyun, AZƏRTAC
Fransa və Almaniyanın birgə müdafiə qrupu olan KNDS tərəfindən Paris yaxınlığında keçirilən Eurosatory sərgisində gələcəyin “Capint MBT” döyüş tankı təqdim edilib. Yeni platforma 2038-ci ildən etibarən Fransa ordusunun əfsanəvi “Leclerc” tanklarını əvəz etmək üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, layihə 2017-ci ildə başlanmış, lakin ciddi gecikmələrlə üzləşən MGCS (Main Ground Combat System) proqramının yaratdığı boşluğu doldurmaq məqsədi daşıyır. Fransanın silahlı qüvvələr naziri Ketrin Votrenin sözlərinə görə, MGCS proqramı təxminən on il geridə qalır.
“Capint” tankı Almaniyanın “Leopard 2A8” şassisi ilə “KNDS France” tərəfindən hazırlanmış uzaqdan idarəolunan ASCALON qülləsini birləşdirir. Fransız tərəfi bu həlli həm texniki, həm də vaxt baxımından ən rasional variant kimi qiymətləndirir.
ASCALON sistemi avtomatik doldurma mexanizmi ilə təchiz olunub və proqramlaşdırıla bilən sursatlardan istifadə edir. Qüllə həm 120, həm də 140 millimetr çaplı toplarla işləyə bilir. İlk mərhələdə isə 120 millimetrlik topun istifadəsi planlaşdırılır.
Təxminən 50 ton ağırlığında olacaq “Capint” üç nəfərlik ekipaj üçün inteqrasiya olunmuş qorunan bölmə, 1500 at gücündə dizel mühərrik, aktiv müdafiə sistemi, hədəf təyinatı üçün pilotsuz vasitələr və 8 kilometr məsafəyə qədər zərbə endirə bilən “Peltaste” idarəolunan mərmisi ilə təchiz ediləcək.
KNDS yeni tankı yalnız döyüş maşını kimi deyil, yerüstü robotlar və hava dronları ilə əlaqələndirilə bilən çoxplatformalı döyüş sisteminin əsas elementi kimi təqdim edir. Şirkət ilk “Capint” tanklarının 2030-cu illərdə silahlı qüvvələrə təhvil verilməsini planlaşdırır.