Füzulidə şəhid ailələrinə və qazilərə medallar təqdim edilib
Füzuli, 27 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş təşkil edilib. Silahlı Qüvvələr Günündə reallaşan görüşdə 44 günlük Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən medallar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun şücaətindən bəhs ediblər. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad edib. Azərbaycan ordusu arsenalında olan ən müasir silahlarla yüksək peşəkarlıqla düşmənin məğlubedilməzliyi mifini məhv edərək, faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Digər çıxış edənlər də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin inkişaf tarixindən və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan ordusunun nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Vətən müharibəsində Azərbaycan ordusunun peşəkarlığının dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.
Tədbirdə Vətən müharibəsində şəhid olan 74 şəhidin ailəsinə, həmçinin 28 nəfər müharibə iştirakçısına və qazilərə medallar verilib.