Ğanim Əl-Muteyva: Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin strateji tərəfdaşıdır
Dubay, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin baş direktoru Əbdürrəhman Ğanim Əl-Muteyva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, C.Hüseynov ötən il ərzində BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisi tərəfindən göstərilmiş sıx əməkdaşlığa görə Ə.Əl-Muteyvaya dərin təşəkkürünü ifadə edib. Baş konsul 2018-ci ilin ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca səmərəli olduğunu, yüksək səviyyəli səfər və görüşlərlə müşayiət edildiyini, iqtisadi münasibətlərin bir çox sferalarında müsbət göstəricilərin qeydə alındığını diqqətə çatdırıb.
O, iki ölkə arasında turizm, ticarət, nəqliyyat, energetika, sənaye və kənd təsərrüfatı sahələrində intensiv əməkdaşlıq aparıldığını qeyd edib, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. C.Hüseynov ikitərəfli əlaqələrin hazırkı səviyyəyə çatmasında dövlət başçılarımızın siyasi iradəsi və dostluq münasibətlərinin həlledici rolunu vurğulayıb.
Ə.Əl-Muteyva hazırda BƏƏ-Azərbaycan əlaqələrinin ən yüksək dövrlərindən birini yaşadığını qeyd edib, Azərbaycanın BƏƏ-nin strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb. O, ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrdə müsbət dinamikanın müşahidə olunması və əməkdaşlığımızın davamlı olaraq genişlənməsinin sevindirici hal olduğunu bildirib. Ə.Əl-Muteyva BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisi tərəfindən göstərilmiş əməkdaşlığın bundan sonra da ən yüksək səviyyədə davam edəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay