Gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub
Bakı, 24 fevral, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 21 yaşadək cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən ölkə birinciliyinin birinci günündə oğlanların yarışında Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) qızıl medala sahib olublar. Qızlar arasında isə Ramilə Əliyeva (44 kq), Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Ülviyyə Rəhimli (57 kq), Diana Şoronova (63 kq), Məsməxanım Quliyeva (70 kq), Rəvanə Kərimova (78 kq) və Əminə Hüseynova (+78 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Turnirin sonuncu günündə oğlanlar arasında altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Elçin Hüseynov (66 kq), Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Azər Yaqublu (90 kq), Adil Kərimli (100 kq) və Ayxan Cəfərov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub.
İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İctimai Birliyi ikinci, “Qəbələ” klubu isə üçüncü olub.
Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 64 klubdan 467 gənc cüdoçu mübarizə aparıb.