Gənc dirijor Mustafa Mehmandarov: Son illər musiqi mədəniyyətimizdə böyük layihələr icra olunur
Bakı, 1 oktyabr, AZƏRTAC
Çox şadam və qürur hissi ilə demək istəyirəm ki, dahi Üzeyir bəyin adını daşıyan və artıq 11-ci dəfə keçirilən Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində iştirak edirəm. Bildiyimiz kimi, son illərdə musiqi mədəniyyətimizlə bağlı böyük layihələr icra olunur, unudulmaz hadisələr yaşanır. Builki festivalın da çox zəngin proqramı vardı. Müxtəlif ölkələrdən tanınmış, peşəkar musiqiçilər öz ifaları ilə Azərbaycan dinləyicilərinə zövq verdilər. Hesab edirəm ki, bu, çox önəmli və vacib bir missiyadır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində çıxış edən gənc dirijor Mustafa Mehmandarov söyləyib.
Festivalın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edən dirijor deyib: “Bağlanış mərasimində mənim rəhbərliyimlə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Bildiyiniz kimi, orkestrin gələn il 100 illiyi qeyd ediləcək. Bu sıradan bir rəqəm deyil, çox böyük bir tarixi hadisəni özündə cəm edir. Çünki bizim orkestr müsəlman Şərqində yaranan ilk simfonik orkestrdir. 1920-ci ildə yaradılan kollektiv bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Bu kollektivin bir hissəsi olmaqdan şərəf duyuram”.