Gəncə Dövlət Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb
Gəncə, 31 mart, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 31 Mart – Azərbaycanlıların Soyqırımına həsr edilən videoçarx nümayiş olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri haqqında danışıb. Bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoyub, əzəli torpaqlarımızı işğal etməyə çalışıblar. 1918-ci ilin mart ayında qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə qanlı faciələr törədiblər.
Rektorun baş müşaviri Asif Cavadov çıxışında bildirib ki, ölkəmizdə müstəqillik bərpa edildikdən sonra soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün bütün zəruri addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu sənəd soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsinə, tədqiqatların genişlənməsinə və həqiqətlərin üzə çıxarılmasına təkan verib.
Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirilib.
Tədbirdə Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev “Qan yaddaşımızın silinməz izləri”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “31 Mart – tariximizin göz yaşı”, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva “108 il əvvəl törədilmiş vəhşət”, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova “Erməni vandalizmi sərhəd tanımır” adlı məruzələrlə çıxış ediblər.
Müxbir - Elcan Məmmədov