İDMAN
GƏNCƏ TURNİRİ BAŞA ÇATMIŞDIR
Turnirin təntənəli açılış mərasimində Gəncə Olimpiya İdman Kompleksinin direktoru Sahib Rzayev, Gəncə Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi Cimalik Rəhimov, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev çıxış edərək yarışın xalqlar arasında dostluq əlaqələrinə xidmət etdiyini, bölgələrdə yaşayan istedadlı idmançıların üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını bildiriblər.
Yarışın bədii hissəsi musiqi və digər idman növlərində təmsil olunan idmançıların nümunəvi çıxışları ilə davam etdirildi.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışların startı verildi. Gərgin keçən döyüşlərdən sonra turnirin qalibləri müəyyənləşdi.
16-17 yaş qrupunda Renat Saitov (GOİK), Niyazi Əliyev (Gəncə), Vüqar Rubəxşi (GOİK), Babək Həmidov (Gəncə) ilk üç yerə sahib olublar.
70 kiloqramadək çəki dərəcəsində Gəncə Olimpiya İdman Kompleksinin idmançısı Arif Məmmədov çempion adına layiq görüldü. Digər yerləri isə müvafiq olaraq Rəfael Ağayev (Gəncə), Yusif İsmayılzadə (Gəncə “Təhsil” İdman Mərkəzi), Pərviz Bayramov (Ağcabədi) tutdular.
70 kiloqramdan yuxarı çəki dərəcəsində Fuad Allahverdiyev (Gəncə “Dinamo”) 1-ci, Asif Bağırov (GİOK) 2-ci, Seyran Bağırov (GİOK) və Aleko Jamuraşvili (Gürcüstan, Tbilisi) 3-cü yerlərə layiq görüldülər.
Komanda yarışlarında bütün rəqiblərini məğlub edən Gəncə Olimpiya İdman Kompleksinin karateçiləri qızıl medal və “Gəncə kuboku”nu qazandılar. İkinci yeri Gəncə şəhər komandası, üçüncü yerləri “Gürcüstan-1” və “Təhsil” İM-in komandaları tutdular.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr verildi.