Gəncədə bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin ətrafında salınan yeni parkın açılışı olub
Gəncə, 16 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin ətrafında salınan parkın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Sonra burada yeni salınan parkın açılışı olub.
Bildirilib ki, çoxsaylı şəhər sakinləri, o cümlədən şəhərimizin ziyalıları Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, görkəmli bəstəkarın məzarının ətrafında balaca fidanlar üçün park salınmasını xahiş ediblər. Həmin müraciətlər əsasında şəhər rəhbərliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib və parkın salınması işlərinə başlanılıb.
Qəmbər Hüseynlinin doğum günü ərəfəsində açılışı olan park balacalara ərməğan edilib.
Tədbirdə iştirakçılara görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1916-cı il aprelin 16-da Gəncədə dünyaya göz açan Qəmbər Hüseynli doğma xalqına xidməti həyatının əsas qayəsi hesab edən sənətkarlardan olub. Bütün yaradıcılığı boyu peşəkar musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb. Bütün dünya Qəmbər Hüseynlini “Cücələrim”lə tanısa da, bəstəkarın Azərbaycan xalqı tərəfindən sevilərək dinlənilən digər bəstələri də var. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur.
Sonra Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstələrinə yazılan şeirlər səsləndirilib.
Yeni istifadəyə verilən parkda uşaqlar üçün müxtəlif attraksionlar quraşdırılıb, idman qurğuları və oturacaqlar qoyulub, söhbətgah yaradılıb.