Gəncədə Əməkdar məşqçi Elçin Zeynalovun 75 illik yubileyi qeyd olunub
Gəncə, 4 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə Əməkdar məşqçi, “Şöhrət” ordenli, “Tərəqqi” medallı Elçin Zeynalovun 75 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elçin Zeynalov ömrünün böyük hissəsini Gəncə idmanının inkişafına həsr edib. Onun bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır.
Çıxış edənlər Elçin Zeynalovun həyat və fəaliyyətinə nəzər salıb, onu yubileyi münasibətilə təbrik ediblər.
Tədbirdə şagirdlər tərəfindən müxtəlif musiqi və idman nömrələri təqdim olunub.
Elçin Zeynalov ölkədə idman sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Bununla yanaşı, tədbirin təşkilində əməyi keçənlərə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Elçin Zeynalov hazırda sərbəst güləş üzrə Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır.