Gəncədə “Güclü və sağlam gələcək naminə!” mövzusunda tədbir keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq, iyunun 24-də Gəncədə 26 İyun - Silahlı Qüvvələri Günü və BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü münasibətilə Gəncə şəhərində “Güclü və sağlam gələcək naminə!” mövzusunda tədbir keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Gəncə, Naftalan şəhərlərini, Daşkəsən, Goranboy, Göygöl, Samux, Xocalı və Kəlbəcər rayonlarını təmsil edən fəal gənclər və “N” saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıblar.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin hər bir azərbaycanlı üçün qürurverici olduğunu, bu yolda xidmətləri olan Vətən övladlarının daim iftixarla xatırlandığını vurğulayıb. B.Aslanov narkomaniyanın fəsadlarından danışaraq, gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Ruslan Həsənov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Vətən müharibəsinin iştirakçısı Mətin Abdinov çıxışlarında narkomaniyanın insanların sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat veriblər. Çıxışlarda narkomaniya ilə mübarizədə ictimai nəzarətin əhəmiyyəti diqqətə çatdırılaraq, bu sahədə həyata keçirilən mübarizə tədbirlərindən danışılıb, ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığı vurğulanıb. Həmçinin gənclərə vətənpərvər, ölkəmizə layiqli vətəndaş olmaları, Vətəni hər zaman qorumaları və zərərli vərdişlərdən uzaq durmaları tövsiyə edilib.
Tədbirdə iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda “Güclü və sağlam gələcək naminə!” devizi altında qaçış üzrə marafon keçirilib.