Gəncədə kütləvi futbol həftəsi festivalı keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialı və AFFA tərəfindən Gəncədə kütləvi futbol həftəsi festivalı keçirilib. Festivalda 6-13 yaşlı uşaqlar iştirak ediblər.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, festivalın ilk günündə oğlanlar meydana çıxıblar. Otuz iki komandanın qatıldığı yarışın qalibi “Kəpəz” komandası olub. “Təhsil” İdman Məktəbinin təmsilçiləri ikinci, “Olimpiakos” komandası isə üçüncü pilləni tutub. Turnirin ən gənc iştirakçısı 2011-ci il oktyabrın 16-da dünyaya gələn Məhəmməd Məmmədov olub.
Əlli iştirakçının qatıldığı qızların yarışında qalib gələn komandalara, eləcə də iştirakçılara AFFA-nın hədiyyələri təqdim olunub.
Tədbirin təşkilində yaxından iştirak edən könüllülər də mükafatlandırılıblar.
Layihənin məqsədi futbolun kütləviliyinin artırılması, uşaqların və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, onlar arasında idmanın, o cümlədən futbolun təbliğ edilməsidir.