Gəncədə mart soyqırımına həsr edilmiş anma mərasimi keçirilmişdir
Gəncə, 31 mart (AZƏRTAC). Martın 31-də Gəncənin Şəhidlər xiyabanında minlərlə şəhər sakininin iştirakı ilə tariximizin qanlı səhifəsi olan azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan xalqına qarşı yüzilliklər boyu aparılan soyqırımı siyasətindən danışmışdır. Bildirilmişdir ki, uzun illər ermənilərin xalqımıza qarşı həyata keçirdikləri qanlı aksiyalar ideoloji təcavüz və terrorla müşayiət olunmuşdur. Nəticədə yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, doğma torpaqlarından didərgin düşmüşdür. Azərbaycan xalqına qarşı düşünülmüş soyqırımı siyasətinə əsl hüquqi qiymət isə yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilmiş, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanmışdır.
Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri diqqətə çatdıran E.Vəliyev işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına əminliyini bildirmişdir.
Çıxışlardan sonra şəhidlərin xatirəsi dərin ehtiramla yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.