Gəncədə tramvay xəttinin çəkilişinə dair memorandum imzalanmışdır
Gəncə, 20 noyabr (AZƏRTAC). Gəncə sakinlərinə ictimai nəqliyyat xidmətinin yüksəldilməsi istiqamətində daha bir addım atılmışdır. Şəhərdə tramvay xətlərinin çəkilişini layihələşdirən Fransanın “NEWTL” şirkəti nümayəndələrinin iştirakı ilə noyabrın 20-də Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən təqdimatda layihənin son variantı üzərində müzakirələr aparılmış və memorandum imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq gündən-günə böyüyüb inkişaf edən şəhərin nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçiriləcək layihənin əhəmiyyətindən danışmışdır.
Sonra “NEWTL” şirkətinin region üzrə kommersiya direktoru Anna Samsonova çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə tramvay xəttinin çəkilişi ilə bağlı görülən hazırlıq işlərindən danışmışdır. Qeyd olunmuşdur ki, dörd istiqamətdə hərəkət edəcək tramvayların şəhər sakinlərinin rahatlığını təmin etməsi, digər nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətinə mane olmaması üçün bütün məsələlər nəzərə alınmışdır. Hər marşrutda 3 vaqon olmaqla tramvayların sürəti saatda 70 kilometr nəzərdə tutulmuşdur. Tramvay rezin təkərlər və cəmi bir rels üzərində hərəkət edəcəkdir. Layihəyə əsasən 12 dayanacaq və hər dayanacaq arasında 500 metr məsafə müəyyənləşdirilmişdir. Dayanacaqlar ən müasir avadanlıqlarla təchiz ediləcək, burada təhlükəsizlik və xəttə nəzarət kameraları, ödəniş aparatları və tramvayın hərəkət vaxtı barədə məlumat lövhəsi quraşdırılacaqdır. Ümumilikdə isə bütün xətlərə nəzarət edəcək məlumat bazası yaradılacaqdır. Bundan başqa, tramvay xətti boyunca velosiped yolu da çəkiləcəkdir.
Tədbirdə “NEWTL” şirkətinin kommersiya direktoru Jan Fğansua Ağjans, şirkətin Beynəlxalq layihələr üzrə kommersiya direktoru Larant Ozel və layihələrin yekunları üzrə direktoru Paskal Gessat çıxış edərək istər çəkiləcək tramvay xətlərinin, istərsə də işləyəcək vaqonların dünya standartlarına cavab verdiyini qeyd etmiş, layihənin qısa vaxt ərzində reallaşması üçün bütün imkanların olduğunu diqqətə çatdırmışlar.
Sonda 2014-cü ildə başlanacaq tramvay xəttinin çəkilişi ilə əlaqədar memorandum imzalanmışdır.