Gəncədə Xocalı soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilib
Gəncə, 24 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans təşkil edilib.
Bölmədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfrans iştirakçıları AMEA-nın Gəncə Bölməsinin foyesində Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab sərgisi ilə tanış olub, faciənin dəhşətlərini əks etdirən fotolara baxıblar.
Sonra elmi-praktik konfransın iştirakçıları Xocalı soyqırımından bəhs edən videoçarx izləyiblər.
Tədbiri açan Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2022-ci il tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamında qarşıya qoyulmuş vəzifələri qeyd edib və onların yerinə yetirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov “Xocalı soyqırımı insanlığa qarşı kütləvi terror hadisədir” mövzusunda məruzəsində Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, erməni terrorunun əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəldikdən sonra açıqlanıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Xocalı soyqırımının dünyada tanıdılması siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir, onun müdrik siyasəti nəticəsində bu istiqamətdə mühüm addımlar atılıb.
Diyarşünaslıq İnstitutunun elmi katibi Mətanət Əliyevanın “Soyqırımı - Ümumdünya Konvensiyasının qəbul etdiyi hüququ akt”, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Xocalı soyqırımının Azərbaycan bədii ədəbiyyatında əks-sədası”, Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyevanın “Folklorumuz xalqın qan yaddaşıdır”, kiçik elmi işçi Leyla Kərimovanın “Xocalı harayı” mövzusunda məruzələri dinlənilib.
Çıxışlarda qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının erməni faşizminin insanlığa qarşı cinayətkar əməllərinin ifşa edilməsində xüsusi rolu var.
Elmi-praktik konfrans başa çatdıqdan sonra iştirakçılar Gəncə şəhərindəki Xocalı qəsəbəsində ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər.