Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert təşkil olunub VİDEO
Gəncə, 27 aprel, Rauf Hacıyev, AZƏRTAC
Aprelin 27-də Gəncə şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın ilk konserti Gəncə Dövlət Filarmoniyasının kamera zalında baş tutub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli belə beynəlxalq musiqi festivalının Gəncədə keçirilməsini şəhərin ictimai həyatında ən böyük mədəniyyət hadisəsi kimi dəyərləndirib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz inkişafının müasir mərhələsinə qədəm qoyan Gəncədə son illərdə bir çox mədəniyyət mərkəzləri istifadəyə verilib. Məhz bu cür mərkəzlərdən biri də ötən il dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Gəncə Dövlət Filarmoniyasıdır. Möhtəşəm memarlıq üslubu ilə istər yerli, istərsə də əcnəbi qonaqlara xoş təsir bağışlayan bu əzəmətli mədəniyyət mərkəzində hər cür beynəlxalq tədbirləri keçirmək mümkündür. Gəncə Dövlət Filarmoniyasını, onun memarlıq üslubunu, daxili tərtibatını, eləcə də səs akustikasını dünyanın bir çox möhtəşəm konsert zalları ilə müqayisə edən Fərhad Bədəlbəyli belə bir filarmoniyada çıxış etməyin hər bir musiqiçinin arzusu olduğunu deyib.
Sonra festival çərçivəsində ilk konsert olub.
Konsertdə Murad Adıgözəlzadə (piano), Fəridə Rüstəmova (violin), İlahə Sadıqzadə (piano), Fəridə Məmmədova (soprono), Şükür Səmədov (klarnet), Fərhad Bədəlbəyli (piano), Olqa Naqornaya (soprano, Ukrayna), Dmitri Yablonski (çello, ABŞ), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya) Anastasiya Barun (soprano, Rusiya) çıxış ediblər. Bundan başqa, konsertdə klassik bəstəkarlar Cüzeppe Verdi, Yohans Brams, Qabriel Fore, Jorj Beze, Sergey Raxmaninov, Kamil Sen-Sansın əsərləri və Ukrayna xalq mahnıları səsləndirilib.
Aprelin 30-dək davam edəcək festivalda Azərbaycan, Rusiya, ABŞ Ukrayna, Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya Federasiyası Dövlət Akademik Böyük Teatrının kollektivi ilə təmsil olunacaq. Festivalın bədii rəhbəri SSRİ Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.