GƏNCƏNİN MƏRKƏZİ MEYDANI ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYACAQDIR
İcra hakimiyyətinin başçısı Eldar Əzizov şəhərin Atatürk prospektində tikiləcək müasir yaşayış komplekslərinin layihə və maketləri əsasında ətraflı məlumat verdi. Prezident İlham Əliyev binalarda müasirliklə yanaşı, milli memarlıq üslubuna da diqqət yetirilməsinin vacibliyini bildirdi. Azərbaycan Prezidentinə ümummilli liderimiz Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısındakı meydanda ucaldılacaq abidənin layihəsi haqqında da geniş məlumat verildi. Heykəltəraş Şərif Şərifovun hazırladığı layihə ilə bağlı xalq rəssamı, akademik Ömər Eldarov təkliflərini söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev abidəni necə görmək istədiyi barədə fikirlərini bölüşdü.
İcra hakimiyyətinin başçısı E.Əzizov bildirdi ki, abidə ucaldıqdan sonra Gəncənin mərkəzi meydanı Azərbaycanın dahi oğlu Heydər Əliyevin adını daşıyacaqdır.
Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva abidənin ucaldılacağı yerə baxdılar.