CƏMİYYƏT
Gənclər Fondunun nümayəndəsi: Azərbaycanda könüllülük fəaliyyəti mərhəmət və sosial məsuliyyəti ehtiva edir
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-dən 16-dək keçiriləcək “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə reallaşır. Qeyd etməliyəm ki, Azərbaycanda könüllülük fəaliyyəti öz mahiyyətində mərhəmət və sosial məsuliyyəti ehtiva edir. Azərbaycan gənclərinin bu hərəkatda fəal iştirak etdiyinin şahidiyik. Hazırda könüllülük fəaliyyəti Azərbaycanda həyata keçirilən siyasətin mühüm tərkib hissələrindən birini təşkil edir. Xüsusilə, gənclərin böyük həvəslə bu hərəkatın sıralarına qoşulması və könüllü fəaliyyətlərə töhfə verməsi diqqətəlayiqdir. Hətta orta yaşlı insanlar da bu fəaliyyətə qoşulmaq istəklərini açıq şəkildə ifadə edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” çərçivəsində keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin könüllülük fəaliyyətinə dəstək verən siyasəti ölkədə bu sahəyə diqqətin yüksək olduğunu göstərir: “Bu dəstəyin nümunələri kimi Azərbaycan könüllülərinin Formula 1 yarışlarında, Türkiyədə baş vermiş zəlzələ zamanı humanitar yardımlarda, eləcə də müxtəlif ölkədaxili və beynəlxalq proqramlarda fəal iştirakını göstərmək olar. Xüsusilə, COP29 beynəlxalq konfransında Azərbaycan könüllülərinin yüksək səviyyədə təmsil olunması onların bu hərəkatda mühüm yer tutduğunu bir daha təsdiqləyir. Bütün bunlar Azərbaycanda könüllülərə verilən dəstəyin dövlət səviyyəsində prioritet olduğunu sübut edir”.