GƏNCLƏR SİYASƏTİ MÖVZUSUNDA İXTİSASARTIRMA KURSUNUN NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cı illər)” üzrə kursda şəhər, rayon icra hakimiyyəti orqanlarının, Mədənəniyyət və Turizm, Təhsil Nazirliklərinin mərkəzi aparatının, kütləvi informasiya vasitələrinin, habelə, müxtəlif ictimai birliklərin nümayəndələri iştirak etmişlər.
Tədrisin əsas məqsədi gənc liderlərin hazırlanması və gənclərlə işin elmi əsaslarla idarə olunmasının mənimsənilməsi, Azərbaycanda dövlətin gənclər siyasəti, milli dövlət quruculuğunda gənclərin rolu, hərbi vətənpərvərlik tərbiyəsinin aktual problemləri mövzusu üzrə dinləyicilərə yeni biliklərin verilməsidir.
Kursda təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti, milli dövlət quruculuğunda gənclərin rolu və digər məsələlər əhatə olunmuşdur.
Tədris müddətində kursda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif idarə və təşkilatların nümayəndələri gənclər siyasətinin müasir problemlərinə dair mövzularda mühazirələrlə çıxış etmişlər.