Gənclərin iştirakı ilə “Vətən naminə” hərbi-idman oyunu keçirilib
Naxçıvan, 24 may, AZƏRTAC
Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən hərbi-idman oyunu mərhələli şəkildə Naxçıvan Atıcılıq Mərkəzi və “N” hərbi hissənin idman şəhərciyində təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə nazirliyin əməkdaşı Sənan Bədəlov, Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev, Əlahiddə Ümumqoşun Ordunun zabiti İlham Məhərrəmov çıxış edərək dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, dövlətimiz tərəfindən gənclərin Vətənə məhəbbət, xalqa, elə-obaya, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması məsələsinə daim böyük məsuliyyətlə yanaşılır. Muxtar respublikada uğurla həyat keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasıdır.
Çıxış edənlər müzəffər Azərbaycan Ordusunda xidmət edən əsgər və zabitlərin, könüllülərin 44 günlük Vətən müharibəsi dövründəki şücaətini, qəhrəmanlığını xatırladaraq qeyd ediblər ki, hər an Vətənimizin müdafiəsinə hazır olmalı, sabitlik və inkişafın qorunması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
İştirakçılara qaydalar barədə məlumat verildikdən sonra mübarizə başlayıb. Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu, Atıcılıq Federasiyası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunan yarışa 100-ə yaxın gənc qatılıb. Hərbi-idman oyunu darağa patron doldurulması, avtomatın natamam sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq (100 metr məsafəyə qaçış, turnikdə dartınma), maneələrin dəf olunması mərhələlərindən və peyntbol yarışından ibarət olub.
Hakimlər heyəti tərəfindən hər bir komandanın mərhələlər üzrə topladığı xallar cəmlənərək yekun nəticə çıxarılıb. Naxçıvan Dövlət Universitetinin “Qələbə” komandası 19,5 xal yığaraq, oyunun qalibi adına layiq görülüb. Naxçıvan Tibb Kollecinin “Təbib” komandası 16,5 xalla ikinci olub. Aktivində 13,5 xal olan Naxçıvan Müəllimlər İnstitutunun “Gənc müəllimlər 2” komandası isə üçüncü sırada qərarlaşıb.
Komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunublar.