CƏMİYYƏT
GEOFİZİKLƏRİN VƏ GEOLOQLARIN 4-CÜ BEYNƏLXALQ KONFRANSI
Sentyabrın 24-də “Həyat-Recensi Naxçıvan” mehmanxanasında geofiziklərin və geoloqların 4-cü beynəlxalq konfransı açılmışdır. “Qara dəniz-Xəzər dənizi regionunda neft geologiyası və karbohidrogen potensialı” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və Rumıniya alimləri, ekspertləri iştirak edirlər. Konfransı ARDNŞ-in, Qərb neft şirkətlərinin maliyyə yardımı ilə Azərbaycan Neftçi- Geoloqlar Cəmiyyəti, Avropa Mühəndis- Geoloqlar Assosiasiyası, Milli Geofiziklər Komitəsi təşkil etmişdir.
Milli Elmlər Akademiyasının Prezidenti Mahmud Kərimov konfransın açılışında çıxış edərək dedi ki, belə toplantılar müxtəlif ölkələrin alimləri arasında elmi diskussiyalar aparılmasına və fikir mübadiləsinə kömək edir. Avropa Mühəndis- Geoloqlar Assosiasiyasının sədri German Qartner Bakı-Tbilisi-Ceyhan qlobal neft kəmərinin təməlinin qoyulması münasibətilə konfrans iştirakçılıarını təbrik etdi, dünyanın 100 ölkəsindən 7 min alimi birləşdirən assosiasiyanın fəaliyyəti barədə məlumat verdi.
Ümumi iclaslarda alimlər geologiya elminin müxtəlif sahələrinin, geofiziki üsulların təkmilləşdirilməsinin aktual məsələlərini müzakirə edəcəklər. Səngəçalda səyyar sessiya keçirmək də nəzərdə tutulur. Konfrans iştirakçıları Azərbaycanın palçıq vulkanları ilə də tanış olacaqlar.