SİYASƏT
Getdikcə artan təbii fəlakətlər onların nəticələri ilə qlobal mübarizə yollarını aramağı tələb edir
Strasburq, 26 aprel, AZƏRTAC
Cari ilin fevralında Türkiyənin məruz qaldığı və dağıntıların miqyası, itkilərin miqdarı ilə bənzəri olmayan zəlzələ üzv ölkələri, beynəlxalq təşkilatları, eləcə də Avropa Şurasına daxil olmayan bir çox ölkələri bu sınaqlı günlərdə Türkiyəyə dəstək olmağa səfərbər etməklə bərabər, bütün ölkələrə bir dərs və xəbərdarlıq oldu. Bu fəlakətlə bağlı reaksiyalar, eləcə də prosesin monitorinqi mükəmməl işlənmiş ortaq standartların tətbiqinə daha çox əhəmiyyət verilməsinin vacibliyini göstərdi.
Bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov belçikalı parlamentari Simon Mutkinin hazırladığı “Təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılmasında siyasi strategiyalar” adlı məruzənin müzakirəsi zamanı deyib.
“Türkiyədəki fəlakət günlərində ümumdünya dəstəyi və birliyinin şahidi olduq. Faciəli günlərdə belə yekdil ola biliriksə, gələcəkdə digər hər hansı regionun, ölkənin belə fəlakət qarşısında qala bilməsi ehtimalını nəzərə alaraq, proqnozlaşdırma, elmi araşdırmalar, fövqəladə vəziyyətlərdə fəaliyyətin getdikcə daha artıq koordinasiya edilməsi ətrafında da eyni şəkildə əl-ələ verib birgə olmalıyıq. Belə yekdillik təmin edilərsə, bu istiqamətdə əməli addımların atılması sistemli səciyyə daşıyarsa, ortaq standartlar müəyyənləşdirilib onları icra etmək mexanizmləri hazırlanarsa, bundan hər bir ölkə bəhrələnə bilər. Ekstremal vəziyyətlərin adiləşdiyi indiki vaxtın məntiqi belə iş birliyi və yekdilliyi, sinxronlaşdırılmış fəaliyyəti diktə edir”, - deyə R.Hüseynov bildirib.
Qeyd edib ki, belə dağıdıcı təbii fəlakətlər - zəlzələlər, vulkan püskürmələri, daşqınlar, uçqunlar, sellər, quraqlıqlar tarixin müxtəlif dövrlərində həmişə olub: “Ancaq bugünkü intensivlik və miqyas genişliyi sanki əvvəllər heç müşahidə edilməyib. Təbii fəlakətlər zamanı ölkələrin bir-birinə köməklik göstərməsi köhnə və nəcib ənənədir. Lakin indi getdikcə artan, əhatəsi genişlənən, az qala bütün qitələri və regionları bürüməyə başlayan mütəmadi təbii fəlakətlər ortaq bəlalar və onların nəticələri ilə qlobal mübarizə yollarını aramağı tələb edir. Bəla qlobal olanda onunla təkbaşına mübarizə aparmaq, yaxud yalnız özünü düşünərək bu gün başqasının başına gələnin sabah səni də yaxalayacağının fikrini çəkməmək də elə fatalizmin başqa bir təzahürüdür”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq