CƏMİYYƏT
“Go Green”: NARGIS Nəşriyyat evi tərəfindən yeni sərgi açılıb
![](/files/galleryphoto/2023/3/1200x630/1697197267218458999_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971972671272250399_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697197267809836732_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16971972675087552353_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Dəniz Vağzalında NARGIS nəşriyyat evinin artıq ənənə halını almış növbəti - dördüncü ekosərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi noyabrın 30-dək davam edəcək.
Açılış mərasimində “Nərgiz” jurnalının direktoru Müjgan Qafarzadə çıxış edərək sərginin məqsədindən bəhs etdi. Plastik tullantılar, ekosistem kimi məsələlərlə əlaqəli cəmiyyətin maarifləndirilməsinin önəmi vurğulanıb. Bildirilib ki, sərgidə nümayiş olunan, Azərbaycanın məşhur heykəltaraşları tərəfindən hazırlanan 9 fərqli eksponat plastik və digər tullantılara ikinci həyat verərək onları sənət əsərinə çevirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, plastik tullantılar artıq qlobal bir çağırışa çevrilib.
Daha sonra sərgi məqsədilə əlaqəli çəkilmiş videoçarx izlənilib. Videoçarxda ətraf mühitin qorunmasının önəmi qeyd olunub.
Ülviyyə Mahmudun rəhbərlik etdiyi NARGIS Nəşriyyat evi öz fəaliyyətində sosial layihələrə böyük önəm verir. İnsan fəaliyyətinin ətraf mühitə mənfi təsirinə ictimaiyyətin diqqətini cəlb etmək, istehlak mədəniyyətinin tərbiyəsinə təsir göstərmək məqsədilə artıq bir neçə ildir ki, nəşriyyat evinin təşəbbüsü ilə ekoloji sərgilər keçirilir.
“Go Green” adlı sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və incəsənət vasitəsilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.
Bu ilin sərgisi NARGIS Nəşriyyat evinin təqdim etdiyi instalyasiya daxil olmaqla Azərbaycanın tanınmış heykəltaraş və rəssamları tərəfindən hazırlanmış 9 instalyasiyadan ibarətdir. Bütün quraşdırmalar Bakı şəhərinin müxtəlif ərazilərində bir neçə ay ərzində toplanan tullantılardan yaradılıb.
Sərgi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “ASAN könüllüləri”, “Port of Baku” və “Baku Bus” MMC-nin dəstəyi ilə təşkil olunub. Sərginin sponsorları Paşa Holding, Baku Steel Company, “Azərişıq” ASC, “AzVirt” MMC, İmprotex Motors, “Azərbaycan Hava Yolları” və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyidir.
Layihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşmasına və inkişafına yönəlmiş öyrədici təlimlərin keçirilməsi nəzərdə tutulub.