“GÖK-NUR BAKI” YÜKSƏK TEXNOLOGİYA ƏSASINDA MƏHSUL İSTEHSAL EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 9-da Əzizbəyov rayonunun Zirə qəsəbəsi ərazisində “Gök-Nur Bakı” kabel və elektrik avadanlıqları istehsalı zavodunun açılışı olmuşdur.
Zavodun kollektivi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı.
Azərbaycan-Türkiyə birgə müəssisəsi olan zavodun tikintisinə ötən ilin aprelində başlanmışdı. Bu zavod təkcə Cənubi Qafqazda deyil, həm də ətraf regionda ən yüksək texnologiya ilə kabel və elektrik avadanlığı istehsal edən müəssisələrdən biridir.
Prezident İlham Əliyev zavodun rəmzi işə düşməsini bildirən düyməni basdı.
Dövlətimizin başçısı sexləri gəzdi, istehsal prosesini izlədi, məhsulların keyfiyyəti ilə maraqlandı.
Kabel istehsalı sexi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada 10-35 kilovolt gərginliyə davamlı bütün növ və ölçüdə mis və alüminium kabellər istehsal olunur. İndiyədək ölkəmizdə elektrik energetikasında istifadə olunan kabel və digər elektrik avadanlıqları Rusiya, İran və Türkiyədən gətirilirdi. Bu zavodun işə düşməsi ilə daxili tələbat ödənilməklə yanaşı, məhsulların digər ölkələrə də ixrac olunması nəzərdə tutulur.
Almaniya, Türkiyə və Finlandiyadan gətirilmiş müasir avadanlıq quraşdırılmış zavodda 350 nəfər işlə təmin olunmuşdur. Orta aylıq əmək haqqı 500 manatdır. Gələcəkdə işçilərin sayının 500-ə çatdırılması planlaşdırılır. İşçilər pulsuz naharla təmin edilir, onlar zavodun avtobuslarından istifadə edirlər.
Prezident İlham Əliyev və xanımı elektrik avadanlığı sexinin fəaliyyəti ilə də tanış oldular. İşlərin tam avtomatlaşdırıldığı sexdə müxtəlif ölçülərdə elektrik qutuları, yardımçı stansiyalarda quraşdırılan orta və aşağı gərginlikli elektrik lövhələri istehsal olunur.
Dörd hektar ərazidə yerləşən zavodun həyətində müasir standartlara cavab verən mehmanxana da tikilmişdir. Mehmanxanada 36 otaq və internetə qoşulan kompyuter sistemi var.
Prezident İlham Əliyev zavodun istehsal gücündən daha səmərəli istifadə etmək üçün tapşırıq və tövsiyələrini verdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






